Ali Attestasiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış, sonradan Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il 6 yanvar tarixli Fərmanı ilə Ali Attestasiya Komissiyası Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tərkibindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin tabeliyinə verilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası adlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra — Komissiya) respublikada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elm, texnika, təhsil, mədəniyyət və incəsənətin bütün sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.
Komissiyanın tərkibində Rəyasət Heyəti və Kollegiya fəaliyyət göstərir. Rəyasət Heyətinin tərkibi AMEA-nın həqiqi və müxbir üzvləri, elmlər doktorları, habelə elm, texnika, təhsil və mədəniyyət sahəsinin aparıcı mütəxəssislərindən ibarət formalaşır. Kollegiyanın tərkibi sədr, sədrin müavinləri, baş elmi katib və müvafiq struktur bölmələri rəhbərlərindən ibarətdir. Komissiyanın sədri Komissiyanın Rəyasət Heyətinə və Kollegiyasına sədrlik edir.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə» təsdiq edilmiş, Əsasnaməyə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 iyun tarixli 769 nömrəli, 2009-cu il 21 dekabr tarixli 195 nömrəli, 2011-ci il 15 fevral tarixli 381 nömrəli, 2017-ci il 21 iyul tarixli 1544 nömrəli, 2019-cu il 11 iyun tarixli 727 nömrəli fərmanları ilə dəyişikliklər və əlavələr edilmişdir.
«Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin və «Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq olaraq 2019-cu il 4 noyabr tarixli 434, 435 və 436 nömrəli Qərarları ilə «Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması», «Dosent və professor elmi adları barədə attestatların forması» və «Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması» təsdiq edilmişdir.
Fəaliyyəti dövründə Komissiyaya texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Azad Mirzəcanzadə (1992–2002), fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Arif Mehdiyev (2002–2016) rəhbərlik etmişlər. 2018-ci ildən Komissiyaya iqtisad elmləri doktoru, professor Famil Mustafayev rəhbərlik edir.
Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar-etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir.